Advertisement

Binəqədidə seçicilərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident
seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı
təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə
görüş keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və
suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət
himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov,
Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin
deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Aslan
Mehdiyev, Bəhram Şiriyev, Həcər Mirzəyeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, qalib xalqın qaib Lideri kimi İlham
Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya
çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün
misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi
bütövlüyümüzü tam bərpa edib. İndi işğaldan azad edilmiş
ərazilərimiz yenidən qurulur, soydaşlarımız öz yurdlarına geri
qayıdır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və
qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə
fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dövlətimiz və
xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə
səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.