
Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrindən
Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərmələrini istəyib.
Trend xəbər
verir ki, Netanyahu bununla bağlı “X” platformasında videomüraciət
ünvanlayıb.
Onun sözlərinə görə, azad dünya liderləri Beynəlxalq Cinayət
Məhkəməsinin İsrailin özünümüdafiə hüququna qarşı hücumlarına qəti
şəkildə müqavimət göstərməlidir.
“Onların bu təhlükəli addımı dayandırmaq üçün əllərində olan
bütün imkanlardan istifadə edəcəklərini gözləyirik”, – baş nazir
deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl “The New York Times”
Beynəlxalq Cinayət Məhkəməsinin HƏMAS liderlərinin, eləcə də
İsrailin bir sıra yüksək vəzifəli dövlət məmurlarının həbsinə order
verəcəyi barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail rəsmiləri Qəzza zolağına
humanitar yardımın çatdırılmasına mane olmaqda və HƏMAS-ın 7
oktyabr tarixli hücumuna hədsiz sərt reaksiya verməkdə ittiham
oluna bilər.




























