Advertisement

Ceyhun Bayramov Ukrayna Ali Radasının sədrinin müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Dünən xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə
səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena
Kondratyuk ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan və
Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər,
habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq
təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında mövcud sıx
təmasların əməkdaşlığa töhfəsindən bəhs edərək, bu istiqamətdə
parlament üzvləri arasında əlaqələrin də tərəfdaşlığımızın
inkişafında mühüm rol oynadığını qeyd edib.

Münasibətlərimizin əsasında dayanan ərazi bütövlüyü və
suverenlik prinsiplərinə bütün platformalar çərçivəsində daimi
dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə
çatdırılıb.

İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi
istiqamətində siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti
vurğulanıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud
vəziyyət və reallıqlar, regional sülh və quruculuq səyləri barədə
qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ukrayna tərəfi Azərbaycanın hər zaman beynəlxalq hüquq
normalarına, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə
sərgilədiyi yanaşmaya, habelə göstərilən humanitar dəstəyə görə
təşəkkür ifadə edib. Strateji tərəfdaşlıq münasibətlərinin bundan
sonra da inkişaf etdirilməsinə dair inam ifadə olunub.

Görüşdə, həmçinin. qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.