
Bakı. Trend:
Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər
qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı
azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda
dürüst fikir mübadiləsinə başlamaq mümkündür.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə
Qafarova Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin
rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanı
deyib.
S.Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin
təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı
tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal
platformalardan birinə çevrilib.
“Təsadüfi deyil ki, Azərbaycan bu təşəbbüsün həyata
keçirilməsində böyük uğur qazanıb. Şərqlə Qərbin kəsişməsində
yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə
yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün
cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur.
Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. 6-cı Forum
çərçivəsində keçirilən bugünkü konfrans parlamentlərin
mədəniyyətlərarası dialoqa yanaşmasının əhəmiyyətini göstərir. Biz
xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan
ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli
imkanlara sahibik. Və bu gün burada toplanaraq, mövcud müzakirələrə
töhfə verməyə çalışırıq”, – deyə o əlavə edib.
Spiker qeyd edib ki, bugünkü konfransın mövzusu
mədəniyyətlərarası dialoqun təşviqi üçün xüsusi əhəmiyyət kəsb
edir.
“Çünki mədəni irs insanların kimliyini, tarixini, ənənələrini və
dəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə
ötürülməsi düzgün institusional və qanunvericilik yanaşmasını və
bütün maraqlı tərəflərin bu prosesə fəal cəlb edilməsini tələb
edir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalq
səviyyədə də mühüm rol oynayır. O, qarşılıqlı dialoq və səylərin
birləşdirilməsinin, ən yaxşı təcrübələrin mübadiləsinin ümumi
hədəflərə çatmağa və işimizi daha da zənginləşdirməyə kömək
edəcək”, – deyə spiker vurğulayıb.
Milli Məclisin sədri çıxışında həmçinin bildirib ki, yalnız
başqasının mədəni irsinə hörmət etməklə öz dəyərlərimizi təbliğ edə
və dünyanı inkişaf etdirmək üçün konstruktiv mədəniyyətlərarası
dialoqda iştirak edə bilərik. Spiker təəssüflə bildirib ki, mədəni
irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır.
Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir.
Onun fikrincə, bu sahəni tənzimləyən beynəlxalq konvensiyalara
hələ də lazımi qaydada əməl olunmur. Spiker diqqətə çatdırıb ki, 30
il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğalı işğal olunmuş ərazilərdə ölkəmizin mədəni irsi üçün
fəlakətli nəticələrə səbəb olub. Mədəni irsimizin yüzlərlə obyekti
qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib və
daşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş
ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə
beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.
Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki,
bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa
işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin
ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Spiker qeyd edib
ki, Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik
və dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini və
mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar.
Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və bu
dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunu
bildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlə
nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb.
Mədəni irsin qorunması sahəsində mövcud olan qanunvericilik bazası
haqqında da danışan Milli Məclisin sədri bildirib ki, bu
istiqamətdə qanunvericilik işi ölkəmizdə sözügedən məsələyə
hərtərəfli yanaşmanın vacib bir tərəfidir.
Parlamentimizin qəbul etdiyi çoxsaylı qanunlar, o cümlədən
“Mədəniyyət haqqında” Qanun, “Tarix və mədəniyyət abidələrinin
mühafizəsi haqqında” Qanun, digər qanun və dəyişikliklər bu məsələ
ilə bağlı effektiv hüquqi bazanın yaradılması üçün çox vacib
olmuşdur. Spiker qeyd edib ki, parlamentimiz mədəni irsin
qorunmasının müxtəlif aspektləri üzrə mütəmadi olaraq ictimai
dinləmələr keçirir.
Bu cür dinləmələr bizə bütün maraqlı tərəflərlə məsləhətləşməyə
və gələcək qanunvericilik proseslərində onların fikirlərini nəzərə
almağa imkan verir. Bundan əlavə, parlamentimizin ixtisaslaşmış
komitəsinin – Mədəniyyət komitəsinin Mədəniyyət Nazirliyi ilə fəal
əməkdaşlığı bu sahədə qanunların hazırlanması, qəbul edilməsi və
icrası prosesində parlamentin və hökumətin səmərəli əməkdaşlığından
xəbər verir.
Spiker Sahibə Qafarova onu da deyib ki, Azərbaycanın mədəni
irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə
məhdudlaşmır.Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan
mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu işə verdiyi böyük töhfələr
bəşəriyyətin mədəni irsinin qorunmasına və mədəniyyətlərarası
dialoqun təşviqi işinə əvəzsiz dəstəkdir. Milli Məclisin sədri
çıxışının sonunda bugünkü tədbirin əhəmiyyətini bir daha
vurğulayaraq, müzakirələrin mühüm nəticələr verəcəyinə və birgə
səylərə əhəmiyyətli töhfə olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.





























