
Bakı. Trend:
Parlamentlər qanunvericiliyin təmin edilməsi ilə mədəni irsin
qorunmasında mühüm rol oynayır.
Trend-in məlumatına görə, bunu TÜRKPA-nın baş katibi Mehmet
Süreyya Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin
rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanı
deyib.
O qeyd edib ki, bu gün türk dövlətləri türk mədəniyyətinin
varisləridir.
“Mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir.
Türk dövlətləri arasında qanunvericilik müstəvisində əməkdaşlığa
üstünlük verən Türk PA dövlətlərarası əlaqələrin inkişafına töhfə
verməkdədir. Türk PA çərçivəsində model qanunlar əhəmiyyət daşıyır
və bu günə qədər mədəni irslə bağlı model qanunlar hazırlanıb. Türk
PA model qanunvericiliyi istiqamətində fəaliyyətini davam etdirir”,
– deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.





























