Advertisement

Norveçli səyyahlar Şuşada (FOTO) – Trend.Az

Şuşa. Trend:

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30
nəfərlik heyəti Şuşa şəhərinə səfər edib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, əsasən gənclərin
üstünlük təşkil etdiyi heyətin Şuşa şəhəri ilə tanışlığı
başlayıb.

Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan,
Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu
Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki
vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə
məlumat verib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki
tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz
qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı
bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması
ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və
mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət
“Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ və
Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35
yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu
dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki,
hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə
Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti
üzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər
şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu
klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər
Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”
heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura
səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,
4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli
“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq
səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq
imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan
Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.