Advertisement

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir – Rəvan Həsənov

Bakı. Trend:

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın
həlledici yollarından biridir.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və
qlobal əməkdalığın təşviq edilməsi” mövzusunda panel müzakirələri
zamanı deyib.

O qeyd edib ki, müxtəlif mədəniyyətlər və inanclar arasında
körpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərin
xüsusiyyətidir.

“Əməkdaşlıq olmadan bu körpülər tikilə bilməz. Əməkdaşlıq
cəmiyyətdən təcrid olunmuş və azlıqda qalan qruplar üçün
inteqrasiya imkanları yaradır.

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın
həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün
hökumətlərin və dövlətlərin qarşısında duran prioritetlər
sırasındadır. Azərbaycanda bu istiqamətdə mühüm tədbirlər həyata
keçirilir. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu
gücləndirməliyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.