
Tbilisi. Trend:
Azərbaycanın Asiya İnkişaf Bankının (AİB) illik toplantısındakı
prioritetlərindən biri COP29-a ev sahibliyi edəcək ölkə kimi mövqe
sərgiləməsidir.
Trend xəbər
verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya
İnkişaf Bankının (AİB) illik toplantısının kuluarlarında deyib.
“Biz hər il AİB-in Rəhbərlər Şurasının ənənəvi illik
toplantısında iştirak edirik. Lakin ənənəvi olan təkcə toplantı
deyil, bu həm də iqtisadi əməkdaşlıq məsələləri üzrə kifayət qədər
məhsuldar fikir mübadiləsinin aparıldığı müxtəlif seminar,
konfrans, müzakirələr, dəyirmi masalardır.
Bu il həm də Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi
mövqe sərgiləməsi prioritetlərimizdən biridir və bu səbəbdən
Asiyada daha “yaşıl” gələcəyin inkişafı üzrə bir sıra panel
müzakirələrdə iştirak edəcəyik”, – deyə o qeyd edib.
S.Şərifov vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək
ölkə olaraq toplantı iştirakçıları ilə İqlim Sazişinə üzv
ölkələrinin mövqelərinin yaxınlaşdırılmasında özünün roluna dair
görüşlərini bölüşməyi planlaşdırır. Bu, həmin sazişlər imzalanan
zaman qoyulan prinsip və hədəflərin reallaşdırılması üçündür.
Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının
mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























