Advertisement

Avropa İnvestisiya Bankı tezliklə Qara dənizdə sualtı internet kabeli layihəsinin qiymətləndirilməsini başa çatdıracaq

Tbilisi. Trend:

Avropa İnvestisiya Bankı yaxın zamanda Qara dənizdə sualtı
internet kabeli layihəsinin qiymətləndirilməsinin başa çatacağını
gözləyir.

Trend xəbər
verir ki, bu barədə Avropa İnvestisiya Bankının vitse-prezidenti
Teresa Çervinska Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı
çərçivəsində “Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri
Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya
Bağlantısının Yenidən Formalaşdırılması)” mövzusunda panel
müzakirəsində çıxışında deyib.

“Bizim fərdi kapitalın səfərbərliyi üzrə qabaqcıl təcrübəmiz
var. Regionla təhlükəsiz bağlantı üçün yüksək sürətli internetin
təmin edilməsi son dərəcə vacibdir. Hazırda Gürcüstan və Rumıniya
ilə sualtı rəqəmsal rabitə layihəsini qiymətləndiririk”, – o
deyib.

Çervinska regionda texniki bazarın sürətlə böyüdüyünü və bu növ
xidmətlərə tələbatın yüksək olduğunu qeyd edib.

“Hazırda layihənin ümumi dəyərini qiymətləndiririk. Layihənin
mürəkkəblik dərəcəsi çox yüksəkdir. Mühəndislik nöqteyi-nəzərindən
digər məsələ layihəyə özəl kapitalın necə cəlb edilməsindən və
maliyyələşdirmənin necə strukturlaşdırılmasından ibarətdir.
Düşünürəm ki, yaxın zamanda, bir neçə ay sonra layihənin
qiymətləndirilməsini bitirəcəyik”, – o deyib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının
mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun