Advertisement

Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir – Allahşükür Paşazadə

Şuşa. Trend:

İşğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuş
dini-mənəvi irsin ehtiramla bərpası, nəfis şəkildə yenidən qurulan
məscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadətgah məkanları
ali diqqət və multikultural dövlətçilik təfəkkürünün təzahürüdür.
Burada, Şuşada, Zəfər yolu boyunca azad olunmuş torpaqlarımızdan
keçərkən gördükləriniz erməni vandalizminin ağır nəticələridir. Bu
gün yandırılmış torpaqlara yeni həyat verilir, dağıdılmış
mədəni-mənəvi irs bərpa edilir, basdırılmış minalar təmizlənir,
məhv edilmiş şəhər və kəndlərimiz yenidən dirçəldilir. Budur
Azərbaycan həqiqətləri və bu gerçəkliklər bəzi dövlət və beynəlxalq
təşkilatların qərəzli fikir və bəyanatlarına ən tutarlı
cavabdır.

Trend xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış
edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür
Paşazadə deyib.

O qeyd edib ki, Ermənistanın əsas havadarı kimi çıxış edən
Fransada Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı törədilmiş
vandalizm aktı erməni işğalçılarının burada, Şuşada törətdiyi
analoji vandalizm ilə eyni qəbildən olub, islamofob zehniyyətin
nümunəsidir:

“Halbuki Xankəndidə separatizmə son qoyan Azərbaycan oradakı
erməni dini-mədəni abidələrini dövlət səviyyəsində qoruyur. Bu
əsnada, bəzi qüvvələrin dini zəmində ayrı-seçkilik halları ilə
yanaşı, dövlətlərin suverenliyinə təhdid olaraq separatizm
kartından istifadə etmək kimi məkrli, mənfur meylləri qətiyyətlə
pisləyirik”.

Şeyxülislam Allahşükür Paşazadə deyib:

“Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar,
katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc
yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst
şəkildə icra edirlər. Ermənilər də zamanında multikultural
Azərbaycan ailəsinin üzvü olmuşlar. Bu gün separatçılıq və
revanşizm ideyaları ilə çıxış edən Ermənistandakı siyasilərə və
erməni kilsəsinə buradan – mədəniyyət paytaxtımız Şuşadan xitab
edərək bəyan etmək istəyirəm ki, bir daha xülyalara qapılmasınlar,
mənfur separatçılıq meyllərinə uyaraq qonşu torpağına iddia
etməsinlər, kimlərinsə silah-sursat vədinə, kilsə kürsüsündən
qızışdırıcı moizələrə, qisas çağırışlarına aldanıb gələcəklərini
təhlükəyə məruz qoymasınlar, Azərbaycanın bölgədə sülh,
əmin-amanlıq və rifah istiqamətində təşəbbüslərinə qoşulsunlar.

Azərbaycan xalq-dövlət birliyi sayəsində ölkəmizə qarşı bütün
məkrli planların bundan sonra da öhdəsindən gələcək və ərazisindəki
bütün xalqların nümayəndələri olan, o cümlədən erməni əsilli
vətəndaşlarına dinc mehriban ailə kimi tərəqqi içərisində yaşamaq
hüququ təmin etməkdə davam edəcək. Bu əsnada, Azərbaycan-Ermənistan
sərhəd delimitasiyası istiqamətində atılan ilk addımı dəstəkləyir
və xeyir-dua veririk”.