Advertisement

Bakı prosesi və bu kimi platformalar svilisaziyalar arasında körpülər yaratmaq üçün mühüm vasitədir – UNESCO yanında daimi nümayəndə

Bakı. Trend:

Münaqişələrin, böhranların aradan qaldırılmasında dialoq çox
önəmlidir. Təəssüflər olsun ki, hazırda dünyada irqi ayrı-seçkilik
kimi bir çox ciddi problemlərlə qarşılaşırıq, həll olunmamış bir
çox böhranlar, konfliktlər var.

Trend-in məlumatına görə, bunu Pakistanın UNESCO yanında daimi
nümayəndəsi səfir Asim İftixar Əhməd Bakıda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyin
qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal
əməkdaşlığın təşviqi” adlı panel müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu münaqişələrin,
böhranların həlli istiqamətində lazım olan addımlar atılmır.

“Bakı prosesi və digər bu kimi platformalar svilisaziyalar
arasında körpülər yaratmaq üçün mühüm vasitədir. Hər bir fərdin
səsini eşidərək, həmrəy olan qarşılıqlı inam şəraitində
yaşamalıyıq”, – deyə Asim İftixar Əhməd vurğulayıb.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.