
Bakı. Trend:
Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və
hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb.
Trend DİN-ə istinadən xəbər
verir ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə
Azərbaycan Respublikasının ərazisinə gəlmiş 5 nəfər Şri-lanka
vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə
şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra
Prashant saxlanılıb.
Araşdırmalarla məlum olub, M.Prashant guya zərərçəkənlərə Bakı
şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul
olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən
miqdarda pul alıb. Şri-Lanka vətəndaşları Bakı şəhərinə gələndən
sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək
hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.
Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri
törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam
etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər
varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.





























