Advertisement

Bakıda yeni yolun inşasına başlanılır – Bu istiqamətdə çəkiləcək (VİDEO)

Bakı. Trend:

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev
küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro
stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start
verilir.

Trend xəbər verir ki, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə
alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində
nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin
təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki
xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq,
ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat
yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını
yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və
alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat
yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol
şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə
layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab
edilir.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq
Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq
hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə
birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və
Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro
stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış
olacaq, habelə “Gənclik” və “Nərimanov” metro stansiyaları
ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində
hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin
təmin edilməsinə şərait yaradılmış olacaqdır.

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması
nəticəsində “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı
ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində və yaxud əks
istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə
yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev
prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına
Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac
hallarının minimumlaşdırılması təmin ediləcək.

Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində
şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev
və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin
mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ
birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

– Yolun ümumi uzunluğu: 3896 metr
– Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə
– Hərəkət zolağının sayı: 6 zolaqlı
– Hərəkət zolaqlarının eni: 3.5 m
– Tunellərin sayı: 4 ədəd
– Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd

Hal-hazırda “Ulduz” metrosundan Ələsgər Qayıbov küçəsi
istiqamətində mobilizasiya (ağır texnikanın və avadanlıqların
əraziyə daşınması) işləri yerinə yetirilir.

Qeyd edək ki, Layihə İdarəetmə Qrupu tərəfindən tikinti altına
düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq
sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin
ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir.