
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət
İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük
Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale
Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə
təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 2
may 2024-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük
əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması”
mövzusunda maarifləndirici təlim keçirilib.
Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti
general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev,
Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur
bölmələrinin əməkdaşları və digər nümayəndələr iştirak ediblər.
Təlimin açılış mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Vüqar Əliyev təlim iştirakçılarını salamlayaraq, Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlər
çərçivəsində 2-4 may 2024-cü il tarixlərində keçiriləcək təlim,
konfrans və sosial tibbi aksiya barədə ətraflı məlumat verib. İdarə
rəisi Vüqar Əliyev çıxışında Ümumilli lider Heydər Əliyevin
Naxçıvanda gömrük sisteminin qurulmasında, eləcə də səhiyyə
sahəsinə verdiyi töhvələrdən danışıb. O, qeyd edib ki, məhz əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın gömrük və
səhiyyə sistemi bu gün Prezident İlham Əliyev tərəfindən böyük
uğurla davam etdirilir, bu sahələrdə böyük uğurlar
qazanılmışdır.
İdarə rəisi Vüqar Əliyev bugünkü təlimdə gömrük əməkdaşlarının
gündəlik işlərində qarşılaşdıqları çətinliklər, iş fəaliyyətləri
zamanı yaşadıqları stresslər, onların qarşısının alınması yolları
haqqında danışaraq, qeyd edib ki, dövlət sərhəd buraxılış
məntəqələrində çalışan əməkdaşlar hər zaman düşünməlidirlər ki,
məqsədimiz birdir – dövlətimizə, dövlətçiliyimizə sədaqətlə,
məsuliyyətlə, vicdanla xidmət etməkdir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini,
t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək, bildirib ki,
gömrük işçilərinin xidmətlərinin keyfiyyətini, işdə yaranan
stresslərə qarşı davamlılıqlarını, iş məmnunluğunu artırmaq,
tükənmə sindromunun qarşısının alınması məqsədilə Dövlət Gömrük
Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlər proqramı
hazırlanmışdır. Yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılan
bu təlimlərin əsas məqsədi işlə bağlı stress və onun qarşısının
alınması istiqamətində gömrükçüləri məlumatlandırmaqdır.
Daha sonra təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Həkim Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. Gülay
Məmmədzadə “İnsanlarla işləyən insanlar: stressə davamlılığın
artırılması” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla
Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işi və
effektiv ünsiyyətin əhəmiyyəti” mövzularında təqdimatlarla çıxış
ediblər. Təlimin sonunda mövzular ilə bağlı gömrükçülərin çoxlu
sayda sualları cavablandırılıb.
Təlim xatirə şəklinin çəkilməsi ilə başa çatıb.





























