Advertisement

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Bakı. Trend:

Bu ilin payızından İsveçdə bir sıra müəssisələr altı ay
müddətinə dördgünlük iş həftəsi və ya əmək haqqının saxlanması yolu
ilə qısaldılmış iş günü tətbiq edəcəklər.

Trend-in
məlumatına görə, təklif “4 Day Week Global” qeyri-kommersiya
təşkilatının nümayəndəsi Anna-Karin Alder tərəfindən irəli
sürülüb.

“Hesab edirəm ki, iş həyatında həm işləyə, həm də yaxşı
istirahət edə bilməyimiz üçün daha çox vaxt ayrılmalıdır. Bu gün
xəstələrin sayının artması bir çox hallarda işdə həddindən artıq
yorulmaqla əlaqələndirilir”, – o deyib.

Prosesə Stokholm İqtisadiyyat Məktəbinin tədqiqatçısı və
Karlstad Universitetinin müəllimi Lena Lid Falkmanın rəhbərlik
etdiyi tədqiqat qrupu nəzarət edəcək. Tədqiqatın nəticələri “4 Day
Week Global” təşkilatının Kembric Universiteti və Boston Kolleci
ilə birlikdə apardığı qlobal araşdırmaya daxil ediləcək.

Məsələ siyasi mübahisələrə səbəb olub və nəticədə Sosial
Demokratlar tərəfindən iş vaxtının azaldılması ilə bağlı təkliflər
verəcək işçi qrupu yaradılıb. Bir neçə həmkarlar ittifaqı yeni
qanunvericiliyi alqışlasalar da, İsveçin biznes və sənaye sahəsinin
nümayəndələri bunun “İsveç iqtisadiyyatı üçün dağıdıcı” olacağını
bildiriblər.