Advertisement

Nasist liderin yaşadığı evdən 5 skelet tapıldı

Bakı. Trend:

Alman və polşalı arxeoloqlar təsadüf nəticəsində nasist
siyasətçi Herman Hörinqin vaxtilə yaşadığı evin xarabalıqlarından 5
skelet tapıblar.

Trend xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat
yayıb.

Bildirilir ki, ev Polşanın şimalında vaxtilə Üçüncü Reyxin ordu
qərargahının yerləşdiyi sıx meşəlik ərazidədir. Dəfələrlə talana
məruz qalan tikili xarabalığa çevrilib.

Arxeoloq qrupunun üzvlərindən biri köhnə döşəmənin altını
qazdıqda 10 santimetr dərinlikdə kəllə sümüyü aşkar edib. Bundan
sonra aparılan qazıntılar nəticəsində 5 nəfərin qalıqları aşkar
edilib. Skeletlərin heç birinin əl və ayaqları olmayıb.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, basdırılanlardan üçü
yetkinlik yaşına çatmış şəxs, biri yeniyetmə, bir isə körpə
olub.

İstintaq qrupunun ilkin versiyasına görə, meyitlər bina
tikildikdən sonra basdırılıb. Hörinqin bundan xəbərdar olması
istisna edilmir. Digər versiyaya görə, meyitlər İkinci dünya
müharibəsi başa çatdıqdan sonra basdırılıb. Təhqiqat davam
edir.

Qeyd edək ki, Herman Hörinq 1941-1945-ci illərdə Adolf Hitlerin
müavini olub, İkinci dünya müharibəsi vaxtı faşist ordusuna
komandanlıq edib. Nürnberq məhkəməsinin hökmü ilə ölüm cəzasına
məhkum olunan Hörinq edamdan bir neçə gün əvvəl intihar edib.