Advertisement

Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır – Komitə sədri

Bakı. Trend:

Ailə sirlərinin, çətin həyat şəraitində yaşayan uşaqların
hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və
etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində
yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi
həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi
təbliğinə yol açır.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova mayın 3-də keçirilən “İctimai proseslər media
müstəvisində” mövzusunda forumda çıxışı zamanı səsləndirib.

O bildirib ki, cinayət törədən və ya cinayətə məruz qalmış
uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma
lazımdır:

“Media məhsulları elə bir məhsuldur ki, o sosial şüura,
düşüncəyə, mədəniyyətə təsir göstərir”.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin
məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada
düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv
mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik
ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil
olunacaq.