
Bakı. Trend:
Ərazilərin minalarla çirklənməsi insan həyatına son qoymaqla
bərabər, təbiətə də ciddi ziyan vurur. Keçmiş məcburi köçkünlərin
öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi
işləri prioritet məsələdir.
Trend xəbər verir ki, bu sözləri Minatəmizləmə Agentliyinin
(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Avropa Komandasının
Mina Əleyhinə Təşəbbüsü” mövzusunda keçirilən tədbirdə deyib.
Azərbaycanın dünyada minadan ən çox əziyyət çəkən ölkələrdən
biri olduğunu xatırladan V.Süleymanov ANAMA-nın fəaliyyəti
nəticəsində indiyədək 114 min hektar sahənin minalardan
təmizləndiyini diqqətə çatdırıb. Bildirib ki, indiyədək 119 mindən
çox partlayıcı maddə tapılıb və bunlardan 31 mini piyada
əleyhinədir.
ANAMA-nın rəhbəri Avropa İttifaqının təşəbbüsü ilə qadınlardan
ibarət minatəmizləmə qrupunun yaradılmasının yaxşı təşəbbüslərdən
biri olduğunu vurğulayıb.





























