
Bakı. Trend:
2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması
bugündən artıq istifadəyə verilib.
Trend xəbər verir ki, platforma Konfransa hazırlıq prosesində
COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları,
tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı
maraqlandıran bütün təşkilati məqamları özündə əks
etdirəcəkdir.
Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən
Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər,
danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali
rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca
təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə
operativ şəkildə çatdırılacaqdır.
İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim
olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə
tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya,
qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı
müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim
olunacaqdır.
Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin
əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün
məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab
tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv
formada dizayn edilmişdir.
Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən
e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa
keçidi təmin edəcək.
COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq
mümkündür.



























