
Bakı. Trend:
Aprelin ortalarında Hörmüz boğazında ələ keçirilən “MSC Aries”
gəmisinin ekipajı azad olunub.
Trend xəbər verir ki, bu
barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian
estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığından sonra
bildirib.
“İran humanitar əsaslarla bütün heyəti azad edib. Əgər gəminin
kapitanı onları müşayiət etsə, onlar öz ölkələrinə, o cümlədən
Estoniyaya qayıda bilərlər”, – İran diplomatik departamentinin
“Telegram” kanalında qeyd olunub.
İran Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib ki, “MSC
Aries” ölkənin ərazi sularında radarını söndürüb və bununla da
dəniz naviqasiyasını təhlükə altında qoyub.
Qeyd edək ki, aprelin 13-də İslam İnqilabı Keşikçiləri
Korpusunun (SEPAH) dəniz xüsusi təyinatlıları Portuqaliya bayrağı
altında üzən “MCS Aries” yük gəmisini ələ keçiriblər. Gəminin
israilli milyarder Eyal Oferə məxsus Londonda yerləşən “Zodiac
Maritime” ilə əlaqəli olduğu bildirilir. Konteyner gəmisinin
göyərtəsində Estoniya, Rusiya, Hindistan, Filippin və Pakistan
vətəndaşları olublar.





























