Advertisement

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifi
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın
3-də Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki
yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Vəkillər
Kollegiyasının sədri Anar Bağırov, Hüquq və İnsan Haqları
İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Azərbaycan
Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin
dekanı Mehmet Yüce, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmış
alimlər iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış
edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan,
zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli
dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi
xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və
dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri ümumi dövlət
quruculuğu prosesinin əsasının qoyulması idi. Həmin proses
çərçivəsində əlamətdar hadisələrdən biri – 1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk
Konstitusiyasının qəbul edilməsi Heydər Əliyevin adı ilə birbaşa
bağlıdır. Referendum yolu ilə qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyası ölkəmizdə demokratik vətəndaş
cəmiyyətinin yaradılmasına, dövlət hakimiyyətinin demokratik
prinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik bazasının
yaranmasına, dünyəvi cəmiyyətin əsaslarının inkişafına və hüquq
sisteminin müasir tələblərə uyğun formalaşmasına imkan yaratdı.
Həmçinin qeyd edilib ki, insan hüquq və azadlıqlarının müdafiəsini
dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin
edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının
dövlət tərəfindən müdafiə olunması məqsədilə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi təsis edildi.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları,
zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən
müasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurverici
dövrünü yaşayır. İşğal altındakı ərazilərimizin Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən
müharibəsində qazandığı möhtəşəm Qələbə və lokal xarakterli
antiterror tədbirləri nəticəsində azad edilməsi, suverenliyimizin
bərpası milli inkişafımızın yeni mərhələsinin başlanğıcıdır. Şanlı
Zəfər sayəsində Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızın
Əsas Qanunda təsbit edilmiş hüquqları işğaldan azad olunmuş
Azərbaycanın ərazisində tam bərpa edildi.

Vurğulanıb ki, işğaldan azad edilmiş torpaqlarda qısa zaman
kəsiyində aparılan bərpa və quruculuq işləri, genişmiqyaslı
infrastruktur layihələrinin icrasının başa çatdırılması, eyni
zamanda, həmin ərazilərdə əhalinin məskunlaşdırılması Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinin
təcəssümüdür.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi
dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan
uğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrin
xalqımızın istiqlaliyyət qazanmasına zəmin yaratmasından bəhs
edilib. Qeyd olunub ki, Heydər Əliyev tarixdə Azərbaycan xalqının
Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük
mütəfəkkir, müstəqil dövlətimizin qurucusu, azərbaycançılıq
ideologiyasını yaşadan, xalqımızın iradəsini ifadə edən siyasi
lider kimi, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz
qoyub.

Konfransın praktiki hissəsində “Konstitusiya nəzarət
orqanlarının subsidiarlıq prinsipi”, “Azərbaycan Respublikasının
əmək qanunvericiliyinin təkmilləşdirilməsi zamanın tələbidir”,
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində insan və
vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqi
mövzular üzrə məruzələr səsləndirilib, hüquq elminin aktual
məsələlərinə toxunulub və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev xüsusilə qeyd edib ki,
bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı kimi
Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və milli
maraqlara söykənən siyasət, həyata keçirilən dövlət proqramları və
genişmiqyaslı layihələr ölkəmizin dayanıqlı inkişafına, həmçinin
Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət
edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər
Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək,
Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam
etdirib, Vətənimizi qalib ölkəyə çevirib. Əzəli torpaqlarımızın
geri qaytarılması, işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman
kəsiyində nəhəng bərpa-quruculuq işlərinin həyata keçirilməsi və
əhalinin məskunlaşdırılması hər birimizi qürurlandırır və bizi
dövlət başçısının ətrafında sıx birləşərək böyük uğurlara imza
atmağa ruhlandırır.