
Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) üzv ölkələrdə valyuta risklərinin
aradan qaldırılması üzrə işlər görür.
Trend xəbər
verir ki, bu barədə AİB-in Avstraliya, Azərbaycan, Kamboca,
Gürcüstan, Honq-Konq, Çin, Kiribati, Mikroneziya Federativ
Ştatları, Nauru, Palau, Solomon adaları və Tuvalu üzrə icraçı
direktoru Reyçel Tompson Tbilisidə AİB-in illik toplantıları
çərçivəsində keçirilən “AİB-in yol xəritəsi, 2030 strategiyasının
yenilənməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxışında
deyib.
“Müşahidəçi mövqeyi tutmaqla problemi həll edə bilməzsiniz. Bu
səbəbdən düşünürəm ki, əsas korporativ strategiyamızın bu müvəqqəti
görüşü ilə həqiqətən etməyə çalışdığımız işin əsasında təşkilat
olaraq problemi müşahidə etməkdən kənara çıxaraq real həllər təklif
etməyimizin müəyyən edilməsi dayanmalıdır. Bu həllər bütün üzv
ölkələrimiz üçün transformativ xarakter daşıyacaq. Fikrimcə, bir
çox üzv ölkələr üçün şübhəsiz, çox mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biri valyuta risklərini idarə etməkdə onlara daha çox
köməklik göstərməyimiz barədə düşünməkdir. Düşünürəm ki, biz bu
prosesə başlayırıq”, – o deyib.
Tompson həmçinin qeyd edib ki, AİB digər mənbələrdən maliyyə
vəsaiti əldə etmək üçün daha çoxunu edə bilər.
“Üzv ölkələrə onların milli planlarına və bizim strateji
ambisiyalarımıza uyğun tədbirlər görmək üçün daha çox maliyyə
məkanı yaratmaqda necə köməklik göstərə biləcəyimiz barədə
düşünürük. Xüsusilə adaptasiya üçün həqiqətən qrantlar tələb
olunacaq və düşünürəm ki, bu, problemlərin təsirlərinə ciddi
şəkildə məruz qaldıqlarını ilk olaraq göstərəcək Sakit Okean
regionundan olan üzv ölkələri üçün qəti şəkildə təkiddir. Fikrimcə,
digər mənbələrdən maliyyələş vəsaiti təmin etmək üçün bir qurum
olaraq edə biləcəyimiz daha çox şey var”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























