
Bakı. Trend:
İsrail HƏMAS hərəkatına atəşkəs təklifini qəbul etmək üçün bir
həftə vaxt verib.
Trend xəbər verir ki, bu
barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, İsrail əks halda Qəzza zolağının Rəfah şəhərində
hərbi əməliyyata başlayacaq.
Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs və
girovlar barədə İsrailin Misirlə birgə hazırladığı saziş layihəsini
nəzərdən keçirir. Hərəkatın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi
Əl-Mayaden telekanalına müsahibəsində HƏMAS-ın razılaşma ilə bağlı
təklifləri ciddi şəkildə nəzərdən keçirdiyini, lakin nəticə
çıxarmaq üçün erkən olduğunu deyib.
Xatırladaq ki, hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə
Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə telefon danışığında
HƏMAS nümayəndə heyətinin Fələstin xalqının tələblərinə cavab verən
və təcavüzü dayandıracaq razılaşma ilə bağlı danışıqları davam
etdirmək üçün yaxın vaxtlarda Misirə səfər edəcəyini
təsdiqləyib.





























