
Bakı. Trend:
Yeni təhsil proqramlarında təsnifata yeni ixtisasın əlavə
olunması ilə bağlı meyarlar müəyyən edilib
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin
kollegiyası qərar qəbul edib.
Qaydalara əsasən, əmək bazarının dəyişən tələblərinə uyğun yeni
təhsil proqramları əsasında ixtisaslı kadrların hazırlanması
məqsədi ilə təsnifata yeni ixtisaslar əlavə oluna bilər.
-Təsnifata yeni ixtisasın əlavə olunması maraqlı tərəflərin
(assosiasiyalar, ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri,
dövlət orqan və qurumları, sahibkarlar, təhsili müəssisələrinin
elmi-pedaqoji heyəti/mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü
əsasında həyata keçirilir.
-Təsnifata yeni ixtisasın əlavə olunması təşəbbüsü ilə çıxış
edən maraqlı tərəflər əsaslandırıcı müraciətlərini müvafiq təhsil
müəssisəsinə təqdim edirlər.
-Müvafiq təhsil müəssisəsi təsnifata yeni ixtisasın əlavə
olunması barədə müraciətə 1 (bir) ay müddətində müəssisənin Elmi
Şurasında/Pedaqoji Şurasında baxır və müraciəti əsaslandırıcı hesab
etdiyi halda, maraqlı tərəflərin, eləcə də mütəxəssislərin və
ekspertlərin iştirakı ilə İşçi Qrupunun yaradılması barədə qərar
qəbul edir.
-İşçi Qrupu 3 (üç) ay müddətində təklif olunan yeni ixtisasın bu
Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş ümumi tələblərə
uyğunluğunu araşdırır, yeni ixtisas üzrə əmək bazarının mövcud
vəziyyətini və gələcək prespektivlərini təhlil edir və
qiymətləndirir, işəgötürənlərin (işəgötürən birliklərinin) rəyini
alır, beynəlxalq təcrübəni öyrənir, əmək bazarının yeni ixtisas
üzrə kadrlara olan potensial tələbatını müəyyən edir və bununla
bağlı hazırlanmış sənədləri və materialları (hesabatlar, arayışlar,
təqdimatlar, təhlillər, araşdırmalar, sorğular və s.) təhsil
müəssisəsinin Elmi Şurasına/Pedaqoji Şurasına təqdim edir. İşçi
Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 (üç) ay müddətinə
tamamlaya bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası
qarşısında müddətin artırılması barədə vəsatət qaldırır. Vəsatət
məqsədəuyğun hesab edildiyi halda təhsil müəssisəsinin
Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay müddətinə artırılması
barədə qərar qəbul edir.





























