Advertisement

Səyyahlar Cəbrayılda minatəmizləməni izlədilər (FOTO/VİDEO)

Cəbrayıl. Trend:

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30
nəfərlik geniş heyəti Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisində
minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bununla da beynəlxalq
səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb.

Səyyahlar 3 gün ərzində Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın və
Cəbrayıl marşrutu üzrə hərəkət ediblər.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət
“Vagaclub”unun 30 nəfərlik geniş heyətinin mayın 2-dən Qarabağ və
Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35
yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu
dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki,
hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə
Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti
üzrə hərəkət edib.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər
şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu
klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər
Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”
heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura
səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,
4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli
“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq
səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq
imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan
Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.