
Bakı.Trend:
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 3 may
2024-cü il tarixində keçirilmiş iclasında Energetika və
İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq”
ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə
qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri
müəyyənləşdirilib.
Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı
təchizat üzrə 10 kVt-dək 40 manat/kVt; 1 fazlı təchizat üzrə 10
kVt-dan yuxarı 60 manat/kVt; 3 fazlı təchizat və aşağı gərginlik
üzrə 293 manat/kVt; orta gərginlik üzrə 170 manat/kVt olaraq
müəyyən edilib.
Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri ərazi
planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta
sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının
(ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr
məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə
birlikdə – 271 manat; ərazi planlaşdırılması sənədləri təsdiq
edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma
xidməti üzrə – 160 manat müəyyən olunub.
İqtisadçı ekspert Eyyub Kərimli yeni tənzimləmələri Trend-ə şərh
edib.
O bildirib ki, yeni tənzimlənmələrə əsasən, elektrik və
qazpaylayıcıların qiymət dəyişməsinin müəyyən təsirləri olacaq.
Ekspertin özlərinə görə, statistik rəqəmlərə nəzər salsaq,
quraşdırılan sayğaclar, əsasən, əhali qrupuna aiddir.
“3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda
elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ
azalacaq. Bu, həyət evlərində yaşayanları nəzərdə tutur. Azalma
onların büdcəsinə uyğundur.
Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ
artacaq. Bu, daha çox enerji istehlak edən əhali qruplarıdır.
Qazpaylayıcıların, əsasən, həyət evlərində qoşulmasına 60%
güzəşt tətbiq olunur. Bu da insanların enerjiyə çıxışıdır və müsbət
hal kimi qiymətləndirmək olar”.
Ekspert qeyd edib ki, yeni tənzimləmələrlə elektrik və
qazpaylayıcı şəbəkələrə qoşulma üzrə ödəniş məbləğlərinin müəyyən
edilməsi xərclərin optimallaşdırılmasına səbəb olacaq.
“Bundan əvvəl belə xidmətlər müxtəlif podratçı şirkətlərlə
qarşılıqlı razılaşma ilə həyata keçirilirdi. Bu da müəyyən
narazılıqlara səbəb olurdu. Bəzən eyni iş üçün əhali tərəfindən
fərqli ödənişlər edilirdi. Yeni tənzimləmələr belə halları aradan
qaldırır. Bu, əhalinin xeyrinə olan tənzimləmədir. Vahid tarif bu
sahədə idarəetməni və şəffaflığı təmin edəcək. Digər tərəfdən, bu
işlə məşğul olan şirkətlərin fəaliyyətində müsbət dəyişikliklər
olacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tarif (qiymət)
Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma
xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər
müəyyənləşdirilib.
Bildirilib ki, istehlakçıların elektrik və qazpaylayıcı
şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən
istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına
istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə
bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı
xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər
bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.
Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü
il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat
nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri
əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə
ödənişlərin məbləğləri müəyyənləşdirilib.
Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı
kimi müəyyən edilib:
– 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;
– 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;
– 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;
– Orta gərginlik üzrə 170 manat/kVt.
Yeni tənzimləməyə əsasən, məişət abonentləri üzrə 1 fazlı
təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da
başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc
enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda
isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq
əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali
isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar
97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının
xərclərindəki azalmanın əhatə dairəsini göstərir.
Həmçinin, yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə,
məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi
üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri
60-76% azalır.
3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda
elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də
azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ
artır.
Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin
gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı
üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək.
Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini
aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.
Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı
kimi müəyyən edilib:
– Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə
layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz
qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə
100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma
xidməti üzrə birlikdə – 271 manat;
– Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə
tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə – 160
manat.
Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri
istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə
həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara
şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli
qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və
optimal qiymətlər müəyyənləşib.





























