
Bakı. Trend:
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının dəstəyi ilə Birinci Beynəlxalq Opera Festivalı
çərçivəsində konsert proqramı baş tutub.
Trend xəbər verir ki, Xalq artisti Rafael Bayramovun rəhbərliyi,
Gəncə Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan
Hacıyeva, Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə
Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Taleh Yahyayev,
Rüstəm Cəfərov, Günel Hacıyeva, Elmir Pişnamazzadə, Vasif Bayramov,
Kamilla Məmmədzadə dünya və Azərbaycan bəstəkarlarının əsərlərini
səsləndiriblər.
Konsert İtaliyadan gəlmiş, xüsusi qonaq, tanınmış vokalçı
Ripalta Bufonun ifası ilə yadda qalıb.
Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət
xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.
Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin
təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera
və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı
27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və
Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və
dünya müəlliflərinin əsərləri təqdim olunur.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az,
Turkic.World





























