Advertisement

Canni İnfantino Prezident İlham Əliyevi təbrik etdi

Bakı. Trend:

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti
Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli Prezident.

Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi
arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin
liderliyinizə olan etimadının göstəricisidir.

Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan
sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son
illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb.
Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit
inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam
edəcəksiniz.

Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun
dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və
hökumətinizə təşəkkürümü bildirmək istəyirəm. Sizin səyləriniz
mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun
əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi
qəbul edən bir idman növü olduğunu nümayiş etdirir.

Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və
tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən
görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm “.