Advertisement

Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş
qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və
digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun
olaraq, cari ilin 13-17 may tarixlərində növbəti epizootoloji
monitorinqlər keçirəcək.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı risk əsasında müəyyən
olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq,
dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə
yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik
törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşların ovlanması və
həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı
müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif
rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev
quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr
götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su
hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma
və qaydalarına əməl olunması üçün məqsədyönlü
maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və
epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər
çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar
“Epicollect5” proqramına daxil ediləcək.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida
Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə
Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin
əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi
Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq.

Əlavə olaraq, monitorinqlərin keçirildiyi dövr ərzində təbiət
ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və
xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr
aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə
diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.