
Bakı. Trend:
Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda
nümayəndə heyətimizin tamaşaçılar tərəfindən böyük coşqu ilə
qarşılanan çıxışları uğurla başa çatıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, tərkibinə
Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət
süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu
nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev
Fondunun dəstəyi və feferasiyanın təşkilatçılığı ilə baş tutub.
Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və
gözəlliyi ilə özünə heyranlar ordusu toplamış, performansı ilə
xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif
Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya
təqdim edilib.
100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu
rolunu Azərbaycanın xalq artisti Yusif Eyvazov və əməkdar artist
Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə
Cəfərzadə peşəkarlıqla ifa ediblər.
Milli musiqi alətlərimizin ifasında “Qarabağ cəngisi”nin
bənzərsiz sədalarından, əməkdar artist Fərid İbrahimovun rəhbərliyi
ilə “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət
Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində
igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət
şou-kompozisiya Böyük Britaniya tamaşaçısının xüsusi marağına səbəb
olub və şou müddətində süvarilərimiz Azərbaycan Respublikası və
Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırıblar.
Tədbir çərçivəsində “Heydər Əliyev fondu”nun dəstəyi ilə
tariximizi, mədəniyyətimizi və xalçaçılıq sənətini özündə tərənnüm
edən “Azerbaijan Cultural” tenti qurulub və tədbir iştirakçılarının
böyük marağına səbəb olub.
Milli mətbəximizin nümunələrinin təqdim olunduğu və Kral
ailəsinin üzvlərinin iştirak etdiyi Azərbaycan naharında ləziz
təamlarımız xüsusi rəğbətlə qarşılanıb. Nahar zamanı
təmsilçilərimizin təqdim etdikləri şou-kompozisiya böyük maraqla
izlənilib.
“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə
heyəti Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb, tanınmış
heykəltəraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və
Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin
təsvir olunduğu rəsm əsəri hədiyyə edilib.
Mayın 4-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu
Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən
nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş
tutub. Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan
təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük
Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar
olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma komandamızın
xeyrinə 6:4 hesabı ilə başa çatıb.





























