
Bakı. Trend:
Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı
İnkişaf Proqrmı ilə əlaqələndirə bilib.
Trend xəbər verir ki, bunu mayın 7-si Azərbaycan Respublikası
Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurasının sədri Əli Əhmədov “Azərbaycanın 4-cü Könüllü Milli
Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM
üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqunun açılışındakı
nitqində deyib.
“Azərbaycanda sosial və iqtisadi sahədə əldə olunan nəticələr və
Azərbaycanın DİM-in reallaşdırılmasına verdiyi töhfə onunla da
əlaqədar edilə bilər ki, Azərbaycan özünün milli inkişaf proqramını
BMT-nin Dayanıqlı İnkişaf Proqrmı ilə əlaqələndirə bilib. Biz bu
inteqrasiyanın nəticələrini də aydın görürük”, – deyə o
bildirib.
Onun sözlərinə görə, Azərbaycan milli inkişaf prioritetlərini
həyata keçirərkən də dayanıqlı inkişaf məqsədlərinə istinad
edir.
“Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqları azad
etdikdən sonra bu əraziləri bərpa etmək, bir milyona yaxın insanı
bu ərazilərə köçürməsi də DİM-nin əhəmiyyətli bir hissəsidir”, –
deyə o bildirib.
Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.





























