Advertisement

Almatı görüşü iki ölkənin sülh prosesində irəliyə addım atmasına imkan verəcək – ŞƏRH

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov
və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində
keçirəcəkləri görüşdə sülh sazişinin mətninin və sənəddəki
ayrı-ayrı bəndlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Hesab
edirəm ki, bu görüş iki ölkə arasında sülh prosesində irəliyə addım
atmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc
Hüseynova
deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın aprelin 19-da keçirilən görüşdən sonra
əldə olunan nəticələr onu göstərir ki, iki ölkə arasında
müzakirələrin birbaşa aparılması, Cənubi Qafqaz regionunda sülhün
və sabitliyin təmin olunması daha realdır və sülh prosesinin daha
səmərəli aparılmasını göstərir.

“Artıq Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri
çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın
6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Sülhün baza prinsipləri əsasında əldə olunması daha real
görünür. Bu, bir daha onu göstərir ki, vasitəçilər olmadan aparılan
danışıqlar daha real və effektlidir. Çünki 30 illik təcrübə ərzində
vasitəçilərin real işini görmədik, əksinə, münaqişənin həll
olunmaması kimi ictimai rəy yaranmışdı və danışıqlar dalana
dirənmişdi, lakin son proseslər göstərir ki, birbaşa danışıqlar
daha real nəticələr verə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın da Ermənistan və
Azərbaycan arasında sülh müqaviləsinin noyabr ayına qədər imzalana
bilməsi ilə bağlı verdiyi açıqlama da birbaşa aparılan danışıqların
daha səmərəli olduğunu göstərir”, – deyə deputat əlavə edib.

Politoloq İlyas Hüseynov isə Trend-in
suallarını cavablayarkən bildirib ki, Qazaxıstanda Azərbaycan və
Ermənistan Xaricişlər Nazirlərinin görüşü Cənubi Qafqazda sülhün,
təhlükəsliyin və sabitliyin əldə olunması istiqamətində mühüm
təşəbbüsdür.

O qeyd edib ki, Qazaxıstan çox arzulayır ki, Cənubi Qafqazda
sabitlik olsun və nəqliyyat, eləcə də, enerji daşınmasında imkanlar
daha da dərinləşsin, Orta dəhliz, Zəngəzur dəhlizi kimi layihələr
daha da dayanıqlı olsun və bölgənin rifahı naminə ciddi
irəliləyişlər olsun.

“Məhz bu səbəbdən Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev
bu mühüm təklifi irəli sürdü və artıq mayın 10-da görüş
keçiriləcək. Eyni zamanda, görüşün əsas siyasi gündəliyində duran
məsələ sərhəd təhlükəsizliyi, sərhədlərin delimitasiyası və
demarkasiyası, eləcə də, sülh müqaviləsinin mətni müzakirə olunacaq
və mühüm məsələ bundan ibarətdir ki, vasitəçilər olmadan tərəflər
görüşür. Bu baxımdan, görüşün nəticələrinə də ümid etmək olar.

Ermənistan və Qazaxıstanın münasibətlərinə də nəzər salanda deyə
bilərik ki, həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu dövlətlər eyni
sırada yer alırlar.

Qazaxıstan hər zaman Azərbaycanın haqq işini, Azərbaycanın
ədalətli mövqeyini dəstəkləyib. Buna görə də Almatı görüşünün
nəticələri ilə yanaşı, onun nəticələrinin üzərindən xətt çəkmək
istəyən qüvvələri də biz düşünməliyik. Çünki şübhəsiz ki, Cənubi
Qafqaz uğrunda vasitəçilərin bir savaşı gedir, bu qlobal savaşın da
bir tərkib hissəsidir. Eyni zamanda, bu nəticələrin dayanıqlı
olmasına, onun daha da dərinləşməsinə nail olmaq lazımdır”, – deyə
İ.Hüseynov bildirib.