Bakı. Trend:
Güclü külək və leysan yağışları Gürcüstanın bir çox
ərazilərində, eləcə də paytaxt Tbilisidə ciddi problemlər
yaradıb.
Trend xəbər verir ki, paytaxt Tbilisinin Qldani rayonunda külək
ağacları aşırıb. Avtomobillərə və evlərə ciddi ziyan dəyib.
Tbilisi meriyasının yaydığı məlumatda deyilir ki, paytaxt
ərazisindən keçən Qldanula çayı məcrasından çıxıb və nəticədə
Qldani rayonunda evlərin birinci mərtəbələrini, ictimai-iaşə
obyektlərini, həyətyanı sahələri su basıb. Yol infrastrukturuna da
ciddi ziyan dəyib.
Yağışların törətdiyi fəsadlar bununla bitməyib. Gürcüstanın
qərbində bəzi ərazilərdə də çaylar məcrasından çıxıb, əraziləri sel
suları basıb.
Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli
Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi
hissəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar bütün növ
avtomobillərin hərəkəti qadağan edilib.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin
Avtomobil Yolları Departamentinin məlumatına görə, avtomagitralın
həmin hissəsində güclü torpaq sürüşməsi ehtimalı var.
Hazırda yolda Azərbaycan, Ukrayna, Ermənistan, Türkiyə, Rusiya,
Qazaxıstan və digər ölkələrə məxsus çoxlu sayda yük və minik
avtomobili var.
Avtomobillərin böyük əksəriyyəti Ermənistana məxsusdur.
Qeyd edək ki, mayın 7-də gecə ərzində Tbilisiyə güclü yağış
yağıb.





























