
Bakı. Trend:
Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin
delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində
regional dinamika müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya
və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşım
edib.
O bildirib ki, NATO-nun Brüsseldəki mənzil qərargahında
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə
görüşüb.
X.Kolomina vurğulayıb ki, görüşdə Azərbaycanla Ermənistan
arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı
normallaşma prosesində regional dinamika müzakirə olunub.
Qeyd edək ki, mayın 10-da Azərbaycan və Ermənistanın xarici
işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almatıda
görüşəcək. Görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyünün
qarşılıqlı tanınması təşkil edəcək.
Bundan başqa, iki ölkə arasında öhdəliklərin yazılı təsdiq
olunacağı, eləcə də, regionda nəqliyyat infrastrukturunun və
ticarət marşrutlarının açılmasının müzakirə olunacağı
gözlənilir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası
Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası
ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrə
delimitasiya prosesini davam etdirmək barədə razılıq əldə
olunub.
Bu razılıq sülhə doğru önəmli addım olmaqla yanaşı, mayın 10-da
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və
Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşü ilə bağlı
gözləntiləri artırır.





























