Advertisement

Putin ordu barədə yalan məlumat yaymağa görə əmlakın müsadirəsini nəzərdə tutan qanunu imzalayıb

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusu barədə yalan
məlumat yaymağa və dövlət təhlükəsizliyinin əlayhinə cinayət
törətməyə görə əmlakın müsadirəsini nəzərdə tutan qanunu
imzalayıb.

Trend rus
KİV-lərinə istinadən xəbər verir ki, sənəd Rusiya Federasiyasının
hüquqi aktlarının rəsmi portalında dərc olunub.

Sənəddə qeyd olunub ki, müvafiq cinayətdə ittiham olunan
şəxslərin bütün pul vəsaiti, qiymətli əşyaları və ya digər
mülkiyyəti deyil, yalnız cinayətin törədilməsi nəticəsində əldə
olunmuş və ya Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı
yönəlmiş fəaliyyətdə istifadə olunmuş mülkiyyəti müsadirə
olunacaq.

Xatırladaq ki, Rusiyada bir sıra cinayətlərə görə, xüsusən
Rusiya ordusu haqqında yalan məlumata görə əmlakın müsadirəsini və
fəxri adlardan məhrum etməni nəzərdə tutan qanun layihəsi bu ilin
yanvar ayında Dövlət Dumasına daxil olub.

Fevral ayının 8-də qanun layihəsi imzalanması üçün Vladimir
Putinə təqdim olunub.

Qeyd edək ki, qanun rəsmi dərc olunduqdan 10 gün sonra qüvvəyə
minir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun