Advertisement

Proseslər Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun həyata keçir – Deputat

Bakı. Trend:

Bu gün regionda baş verən proseslər Azərbaycanın müəyyən etdiyi
sülh gündəliyinə uyğun həyata keçir. Azərbaycanın 44 günıük Vətən
müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar artıq bütün
dünya tərəfindən qəbul edilir. Bir sıra ölkələr regionda proseslərə
müdaxilə etməyə cəhd etsələr də, Azərbaycanın qətiyyətli və
prinsipal mövqeyi nəticəsində bu cəhdlərin qarşısı alındı və
regionda sülhün bərqərar olması istiqamətində mühüm irəliləyişlərə
nail olunub.

Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın aprelin 19-da keçirilən görüşdən sonra
əldə olunan nəticələr və mayın 6-dək 40 sərhəd dirəyinin
quraşdırılması regionda sülhün bərqərar olması istiqamətində atılan
mühüm addımdır.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov
və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində
keçiriləcək görüşünün də iki ölkə arasında sülh quruculuğuna töhfə
verəcəyini düşünürəm. Ermənistanın baş naziri Nikol Paşinyanın da
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin noyabr ayına
qədər imzalana bilməsi ilə bağlı verdiyi açıqlama da Ermənistanın
sülhdən başqa yolunun olmadığını qəbul etdiyini göstərir”, – deyə
deputat əlavə edib.

Deputat bildirib ki, Azərbaycan hər zaman regionda sülhün və
sabitliyin bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə öz
üzərinə düşən öhdəliklərini yerinə yetirib.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur.
İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
bundan sonra da yeni zirvələr fəth edəcək”, – deyə deputat əlavə
edib.