
Bakı. Trend:
Bakıda keçiriləcək COP29-da ölkələrin daha kasıb ölkələrə iqlim
maliyyələşməsinin təqdim edilməsi ilə bağlı yeni qlobal hədəflə
çıxışları gözlənilir.
Trend məlumat verir ki, bu barədə Azərbaycanın ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev “The Guardian”a müsahibəsində
bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs daha kasıb ölkələrə istixana
qazları tullantılarını azaltmağa və ekstremal hava şəraitinə
uyğunlaşmağa yardım edəcək.
“Qlobal cənubun bəzi ölkələrinin hökumətləri bu məbləğlərin
illik 1 triliyon dolları keçməsinə çağırışlar edirlər.
Kasıb ölkələrə tullantıların azalması üzrə planları yeniləmək
məqsədilə temperatur artımını 1,5°C-dən aşağı səviyyədə saxlamaq
zərurəti ilə əlaqədar milli səviyyədə müəyyən edilmiş ianələr kimi
tanınan iri məbləğlər lazım olacaq. Bu üçbucağa bənzəyir: bir
tərəfi – şəffaflıq, yəni tərəflər arasında etimaddır. Digər tərəfi
– maliyyə, üçüncü tərəfi – milli ianələrdir”, – deyə o qeyd
edib.
Muxtar Babayev ölkələri maliyyə böhranından çıxmaq üçün
COP29-dan öncə öz hesabatlarını təqdim etməyə çağırıb.
O xatırladıb ki, inkişaf etmiş ölkələr tullantıların azalması,
iqlim böhranı nəticələrinə adaptasiya və iqlim maliyyələşməsinin
şəffaf idarəedilməsi üzrə fəal tədbirlər nümayiş etdirərək kasıb
ölkələrə bu cür maliyyə dəstəyində daha az etiraz edəcəklər.
“Əgər bütün bu tərəflər uğur qazanarsa, ölkələr fəaliyyətlərinin
şəffaf təsviri təqdim edərlərsə, bu həmçinin inkişaf etmiş dünya
üçün inkişaf etməkdə olan dünyanın prioritetlərinin
reallaşdırılmasında yaxşı arqument olacaq. Biz birləşdirici halqa
olmaq istərdik”, – deyə o əlavə edib.
Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in
ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul
olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən
70-80 min xarici qonağı qarşılayacaq.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin
Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına
nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər
tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk
tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn
şəhərində yerləşir.



























