Advertisement

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər – Kamaləddin Qafarov

Bakı. Trend:

“Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik
əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin
genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə
etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə
Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə
çatmaq üzrədir. Bu baxımdan cari il mayın 7-də Slovakiya
Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri
də xüsusi əhəmiyyət kəsb edən hadisə kimi
qiymətləndirilməlidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, səfər çərçivəsində ölkələrimiz arasında
imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası
arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə
Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd
Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq.
Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi
bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır.

K.Qafarov Prezidentimizin Azərbaycan qazının Slovakiyaya nəql
olunması imkanları barədə verdiyi açıqlamaların əhəmiyyətini qeyd
edərək deyib: “Dövlət başçımızın çıxışında Azərbaycanın öz təbii
qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə
maraqlı anons yer almışdır. Məlum olduğu kimi, keçən ilin aprel
ayının 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın
“Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” və
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında
əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
“Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan
bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında
Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq
istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan,
Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik Halqası”
adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata
keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını
Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar
yaradılmışdır”.

Deputat bildirib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan
arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq
Bəyannaməsi icra edilir. “Cənab Prezident İlham Əliyevin dediyi
kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla
nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12
milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50
faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa
İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə
tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii
qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və
həmin yataqlarda istismar artıq başlanmışdır. Bütün bunlara paralel
olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və
bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa
olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət
olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar
ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə
olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək
səviyyədə uğurla davam etdirəcəklər”.