
Bakı. Trend:
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis
Bölməsinin əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər
əsasında keçirdikləri tədbirlərlə özünü qazi kimi təqdim edərək
dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il
təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
Onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi
qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil
almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif
məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və
ya qazisi olmadığı məlum olub.
E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə
polis orqanlarına müraciət edə bilərlər.





























