
Bakı. Trend:
Ölkəyə avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin
qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat
yayıb.
Bildirilib ki, Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin
“Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyat
mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən
nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan
çıxdığı müəyyən edilib.
Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə
nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkin
araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat
vasitəsinin yük yerinin qapısına “Qırmızı Körpü” gömrük postunda
vurulmuş gömrük təminat vasitəsi olan plomb və “GPS” qurğusu
onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar
(vintlər) sökülməklə ayrılıb.
Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən
yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan,
əksəriyyəti istehsal ili yeni və “Land Rover” markasına aid 70 adda
ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız
vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat
vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə
alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt
üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol
verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və
təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində
araşdırmalar davam etdirilir.





























