Bakı. Trend:
Los-Ancelesdəki Kaliforniya Universitetindən olan amerikalı
alimlər bu vaxtadək naməlum olan yaddaş mexanizmi aşkar ediblər. O,
xatirələr yaradır və yuxu zamanı fəaliyyət göstərərək orqanizmin
metabolik itkilərini azaldır.
Trend xarici mediaya istinadən xəbər verir ki, tədqiqat “Nature
Communications” (“NatComms”) elmi jurnalında dərc edilib.
Araşdırmaya əsasən, yaddaşın yeni növ vəziyyəti beynin entorinal
qabıq adlanan mərkəzi hissəsi ilə əlaqəlidir. Bu hissə demensiya
növlərindən biri – Alzheimer xəstəliyinin inkişafı ilə də
əlaqəlidir.
Komanda entorinal qabığın neyronlarının membran potensialını
ölçüb, beynin entorinal qabığa siqnal ötürən hissəsini – əmgək
qabığının fəallığını da dəyərləndirib.
Müəlliflər müşahidə ediblər ki, əmgək qabığından gələn siqnallar
insanın yatdığı zaman beyin çərçivəsində “yandırılıb” və
“söndürülüb” rejimləri arasında müəyyən fasilədən sonra
dəyişir.
Eyni zamanda, entorinal qabıqda fəallıq hətta yuxu zamanı da
qorunub saxlanılır, su üzərindəki dalğalar kimi enib-qalxır.
Alimlər yaddaşın bu növ mövcudluğunu “öz-özünə əmələ gələn daimi
hərəkətsizlik” adlandırıblar.
Komanda araşdırıb ki, entorinal qabığın fasiləsiz hərəkəti
orqanizmin enerjisini demək olar sərf etmir və bununla yanaşı,
insana əlçatan olan yaddaş həcmini iki dəfə artırır.
Tədqiqatçılar hesab edir ki, Alzheimer xəstəliyi zamanı və
demensiyanın digər formalarında əmələ gələn koqnitiv pozulmalar
onların aşkarladıqları yaddaş mexanizmi ilə bağlı ola bilər.





























