Advertisement

150 ölkədə tütündən istifadə azalır – ÜST

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ilin yekunlarına
dair hesabatına görə, 150 ölkədə tütündən istifadə azalır, onlardan
56-sı 2025-ci ilə qədər tütündən istifadənin azaldılması üzrə
qlobal hədəfə çatmaq yolundadır.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, hesabata
görə, əlavə 29 ölkə 2022-2023-cü illər ərzində mikroblara qarşı
müqavimətlə bağlı çoxşaxəli milli fəaliyyət planları hazırlayıb və
bu, ümumilikdə 178 ölkəyə çatdırılıb.

2024-cü ilin 27 may – 1 iyun tarixlərində keçiriləcək 77-ci
Ümumdünya Səhiyyə Assambleyası ərəfəsində açıqlanacaq hesabatda
münaqişə, iqlim dəyişikliyi və xəstəlik nəticəsində yaranan daha
böyük qlobal humanitar sağlamlıq ehtiyacları fonunda ictimai
səhiyyənin əsas mərhələlərinin nailiyyətləri, eyni zamanda
problemlər və onların həlli yolları ilə bağlı məsələlər yer
alıb.