Advertisement

KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb (FOTO)

Bakı. Trend:

Ankara şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə
Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində Kiçik və
Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Xarici İqtisadi
Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes
Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-in
sədr müavini Erdal Eren imzalayıblar. Anlaşma Memorandumu iki ölkə
arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat
mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar
dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə
tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

KOBİA nümayəndələri hər iki ölkənin rəsmi şəxslərinin və iş
adamlarının iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan biznes
forumunda da iştirak ediblər. Tədbirdə KOBİA tərəfindən ölkələrimiz
arasında kiçik və orta biznes sahəsində əlaqələrin inkişafı
istiqamətində görülən tədbirlər və perspektiv imkanlar barədə
məlumat verilib. Qeyd olunub ki, indiyədək KOBİA ilə Türkiyənin
müvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyət
protokolu imzalanıb. Son dövrlər ölkələrimizin regionları arasında
da işgüzar münasibətlərin genişlənməsi müşahidə olunur. KOBİA
Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək
mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlik
vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək
mexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas
götürülməklə hazırlanıb.

Səfər zamanı həmçinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial
Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra
Zümrüt Selcuk arasında görüş keçirilib. Görüşdə KOBİA-nın
sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində
dəstəyi barədə məlumat verilib, qarşılıqlı ekspert mübadiləsi
imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək
tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək
Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilatın dəstəyi
məsələləri müzakirə edilib. Görüş çərçivəsində KOBİA və SESRİC
arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə
tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB
sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o
cümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində
təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası
kimi məsələlər nəzərdə tutulur.