Advertisement

Azərbaycan-Slovakiya münasibətləri yeni inkşaf mərhələsinə çıxır – ŞƏRH

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana
rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf
mərhələsinə çıxmasına imkan verəcək.

Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan-Slovakiya münasibətləri əsasən hər
iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa
başlayıb.

“O zamandan etibarən iki ölkə arasında münasibətlər dinamik
inkişaf yolu keçib. Bu gün iki ölkə arasında münasibətlər bir çox
sahələri əhatə edir və genişlənir. Səfər çərçivəsində çox mühüm
müzakirələr aparıldı və əlaqələrin daha da inkişafına imkan verəcək
sənədlər imzalandı.

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında
strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin
imzalanması iki ölkə arasında münasibətlərin inkişafına yeni bir
səhifə açacaq.

Cənab Prezident İlham Əliyev Baş nazir Robert Fitso ilə mətbuata
birgə bəyanatlarla çıxışı zamanı imzalanmış sənədi yüksək
qiymətləndirərək qeyd etdi ki, “bu, çox ciddi siyasi sənəddir və
bizim əlaqələrimizi ən yükəsk səviyyəyə qaldıran sənəddir”.

Digər bir mühüm məsələ isə, iki ölkə arasında müdafiə və müdafiə
sənayesi sahələrində imzalanmış sənədlər oldu. “Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya
Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq
sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi
arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i iki ölkə
arasında bu sahələrdə münasibətlərin genişlənməsinə imkan verməklə
yanaşı, hər iki tərəfin müdafiə potensialının və ordunun
hərbi-texniki bazasının güclənməsinə şərait yaradacaq”, – deyə o
əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan və Slovakiya beynəlxalq
təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir.

“Robert Fitso ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında
körpü olmağa hazır olduğunu diqqətə çatdırdı. Hesab edirəm ki,
bundan sonra da Azərbaycan və Slovakiya beynəlxalq müstəvidə
əməkdaşlığı inkişaf etdirəcək”, – deyə A. Həsənova vurğulayıb.