Advertisement

ADA və BANM tələbələri “AzerGold” QSC-də işə qəbul sistemi ilə bağlı məlumatlandırılıblar (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən ADA
Univeriteti və Baki Ali Neft Məktəbinin (BANM) 3-cü və 4-cü kurs
tələbələri üçün işə qəbul sistemi ilə bağlı maarifləndirici
görüşlər keçirilib.

Görüşlərdə əsas məqsəd texniki ixtisaslar üzrə təhsil alan
tələbələrin məzun olduqdan sonra Səhmdar Cəmiyyətin kadr tələbatına
uyğun olaraq əmək fəaliyyətinə cəlb edilməsi üçün işə qəbul üzrə
müraciət, müsahibə qaydaları ilə bağlı məlumatlandırılması,
gənclərin ixtisaslı mütəxəssis olaraq öz bilik və bacarıqlarını
ölkəmizin iqtisadi tərəqqisi, dağ-mədən sənayesinin dayanıqlı və
dinamik inkişafına yönəltmələrini təşviq etməkdir.

Görüşlərdə tələbələrə dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə
ölkəmizin iqtisadi inkişafına töhfə verən “AzerGold” QSC-nin
fəaliyyət istiqamətləri, strateji baxış, missiya və hədəfləri
barədə geniş məlumat verilib. Bildirilib ki, dağ-mədən sahəsində
yüksək ixtisaslı milli kadrların hazırlığını əsas prioritet
istiqamətlərdən biri kimi müəyyənləşdirən Səhmdar Cəmiyyət
ölkəmizdə fəaliyyət göstərən 8 ali təhsili müəssisəsi və Peşə
Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri qurub.
Tələbələrin həm QSC-nin Bakıda yerləşən ofisləri, həm də istehsalat
sahələrində təcrübə keçmələri üçün şərait yaradılıb. Həmçinin,
artıq 3-cü ildir ki, ölkəmizdə fəaliyyət göstərən ali və peşə
təhsili müəssisələrinin tələbələri üçün “Təqaüd proqramı”
müsabiqələri təşkil edilir. Səhmdar Cəmiyyətin strateji
layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq
ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi
məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama
cəlb edilirlər. Məzun olduqdan sonra onların müvafiq vakansiyalar
üzrə işlə təminatı istiqamətində Səhmdar Cəmiyyətin tələbatına
uyğun olaraq zəruri addımlar atılır. Bundan başqa, 2023-cü ildən
Daşkəsən məktəbliləri üçün “Gələcəyin mədənçisi” layihəsinin
icrasına başlanılıb. Layihə çərçivəsində orta məktəbin 10-cu
sinfində təhsil alan daşkəsənli şagirdlərin ali məktəblərə
hazırlığına dəstək göstərilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ölkəmizin digər ali
təhsil müəssisələrində də işə qəbul sistemi ilə bağlı
maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.