Advertisement

“Anadolu Ankası – 2024” təlimi davam edir (VİDEO)

Bakı. Trend:

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024”
(“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi
davam edir.

Bu barədə Trend-ə Müdafiə
Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin növbəti günündə iştirakçılara
təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların
icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin
relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks
etdirən brifinq təqdim edilib.

Təlimin planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla
şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil
kolonu pusquya salınıb və terror qruplaşmasının üzvləri ələ
keçirilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya
vasitələrinin də iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd
hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o
cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı
uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.