Bakı. Trend:
Dövlət başçısı İlham Əliyevin “Yeni yiyə axtarışında olan,
onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol
Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı
ərazi iddialarından əl çəkməkdir” çağırışı işğalçı dövlətə ciddi
mesaj olmalıdır. Bu fakt daim vurğulanır ki, Azərbaycan və
Ermənistan eyni vaxtda müstəqillik qazansalar da işğalçı dövlətin
müstəqilliyinin formal xarakter daşıması onun daim daxili
problemləri ilə diqqətdə olmasını şərtləndirir. Bu fikir beynəlxalq
səviyyədə də etiraf edilir ki, iqtisadi cəhətdən müstəqil olmayan
ölkə müstəqil siyasətdən danışa bilməz. Azərbaycan bu baxımdan daim
nümunəvi ölkə kimi qeyd edilir. Ölkəmizin səylərin birləşdirilməsi,
təcrübə mübadiləsinin aparılması fonunda malik olduğu enerji
resurslarından səmərəli istifadə etməsi həm iqtisadi inkişafının
təmin olunmasında, həm də dünyanın enerji təhlükəsizliyinin
təminatında aparıcı rol oynamasında öz sözünü deyir. Azərbaycan 30
il müharibə şəraitində yaşasa da hər bir sahədə qazandığı uğurları
ilə dünyanın diqqətində oldu. Dövlət başçısı İlham Əliyevin
çıxışlarında dönə-dönə qeyd olunduğu kimi, müstəqillik yalnız
atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət aparmaq
deməkdir.
Bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə
Trend-ə açıqlamasında
bildirib.
Vüqar Rəhimzadə diqqəti Kremldə Putin-Paşinyan görüşünə
yönəldərək bidirib ki, Rusiya-Ermənistan danışıqlarında əsas
müzakirə mövzularından biri iqtisadi məsələ olub. Açıqlanan
rəqəmlər Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu bir daha
təsdiqləyir. Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə
7 milyard dolları keçib. Ermənistanın Avrasiya İqtisadi İttifaqı
ilə ticarət dövriyyəsinin isə 14 dəfə artığı xüsusi vurğulanıb. Bu
reallıq da qeyd edilib ki, Ermənistanın Rusiyaya ixracı kəskin
artıb. Məhz bu faktın özü müxtəlif sualların yaranmasına səbəb
olur. İqtisadi böhran içərisində çabalayan, dövlət büdcəsi
xaricidəki erməni diasporunun ayırdığı vəsaitlər hesabına
formalaşan, iqtisadi göstəriciləri ən aşağı səviyyədə olan ölkələr
sırasında yer alan Ermənistanın birdən-birə hansı yolla “iqtisadi
tərəqqiyə” nail olması maraq doğurmaya bilməz.
V. Rəhimzadə vurğulayıb ki, Ermənistanın ixrac imkanlarının
“genişlənməsi” bir daha bu reallığı təsdiqləyir ki, işğalçı dövlət
Rusiyanın hesabına yaşadığı halda özünün əzəli ağasına arxa
çevirir. Müstəqillik qazandığı gündən bu və ya digər ölkələrin
maraqlarının ifadəçisinə çevrilməsi bu gün Ermənistanın “möcüzəli”
iqtisadi inkişafında da özünü qabarıq şəkildə büruzə verir. Başqa
sözlə, Ermənistanın xəyanətkarlığı dünyanın diqqətindən kənarda
qalmır. Əvvəldə də qeyd etdiyimiz kimi, yeni yiyə axtarışı bu
ölkənin beynəlxalq münasibətlərdə etimad qazanmasına,
davranışlarında səmimilik göstərməsinə daim böyük maneə yaradıb.
Çünki hazırkı dövrün digər reallığı isə Ermənistanın sanksiya
altında olan malları gizli yolla Rusiyaya satması, Qərbə xəyanət
yolunu tutmasıdır. Bu mühüm məqamı da xatırlatmaq istərdim ki,
aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündə
də əsas müzakirə mövzusu guya Ermənistanın iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasına dəstək məsələsi idi. Dünya güclərinin işğalçı
dövlətə maddi dəstək yarışına girişmələrinin arxasında dayanan
maraqlar özlərinə “gizli” olsa da artıq hər kəsə aydındır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Nikol Paşinyan hakimiyyəti ikili
oyun oynamaqla özünə “dəstək” qazanmağa cəhdlər etməkdənsə, hazırkı
dövrün əsas çağırışı olan Azərbaycanla sülh müqaviləsinin
imzalanması prosesini tezləşdirməklə özünün iqtisadi vəziyyətini
yaxşılaşdıra bilər. Hələ 30 illik işğal dövründə bu reallıq dünya
gücləri tərəfindən də qeyd edilirdi ki, münaqişənin mövcudluğu
regionun iqtisadi inkişafına ən böyük maneədir. Ermənistanın
işğalçılıq siyasəti ucbatından bütün layihələrdən kənarda qalması
onun iqtisadi böhran içərisində çabalamasında əsas amillərdən
biridir. Hazırkı dövrdə, Azərbaycanın sülh təklifinin gündəmdə
olduğu bir vaxtda Ermənistanın yeni yiyə axtarışına çıxmasından çox
müqaviləni imzalanması onun üçün daha faydalı olardı. Başqa sözlə,
xəyanətkarlıqla iqtisadi vəziyyətini bərpa etməyə çalışan
Ermənistanın siyasətində hansı dəyərlərə söykəndiyi artıq tam
şəkildə özünü nümayiş etdirir.





























