Advertisement

Mərkəzi Bank innovativ məhsulların tətbiqi üçün xüsusi tənzimləmə rejimi tətbiq edəcək

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Xüsusi
tənzimləmə rejiminin tətbiqi Qaydası”nı təsdiqləyib.

Trend xəbər verir ki, bununla
bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, xüsusi tənzimləmə rejimi çərçivəsində sınaq üçün
innovativ məhsul və ərizəçi ilə bağlı tələblər müəyyənləşib.

Belə ki, innovativ məhsul yerli bazar üçün yeni olmalı və
bazarda maliyyə inklüzivliyini artırmalı, maliyyə xidmətlərinin
istifadəçiləri üçün təhlükəsiz, daha əlçatan olmalı, eləcə də real
rejimdə sınaqdan keçirilmək üçün hazır olmalı, məhsulun tətbiqi
potensial sistem riskləri yaratmamalı, cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi imkanlarını artırmamalı, onunla bağlı risk
təhlili aparılmalı, mümkün risklərin, o cümlədən istifadəçilərin
məlumatlarının konfidensiallığının və qanuni mənafelərinin
pozulmasının qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən
edilməli və ərizəçinin benefisiar mülkiyyətçiləri, idarəetmə
funksiyalarını yerinə yetirən şəxsləri, habelə mühüm iştirak pay
sahibləri, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının
rəhbəri vətəndaş qüsursuzluğuna malik olmalıdır.

Bundan başqa, innovativ məhsul təqdim edən iştirakçının
fəaliyyəti lisenziya və yaxud icazə tələblərindən azad edilib. AMB
fəaliyyəti yoxlamamışdan 3 gün əvvəl innovativ məhsul təqdim edən
iştirakçıya yazılı bildiriş göndərəcək.

AMB müraciətlərin qəbulunu həyata keçirəcək və bununla bağlı 1
ay əvvəl internet səhifəsində elan yerləşdirəcək. AMB təqdim
edilmiş ərizə və digər sənədlər daxil olduğu tarixdən 20 iş günü
ərzində baxaraq müvafiq qərar qəbul edəcək. Araşdırma üçün əlavə
vaxt tələb olunduqda, ərizəçiyə məlumat verilməklə, bu müddət daha
20 iş günü artırıla bilər.

AMB ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq
verdikdə və yaxud imtina etdikdə 3 gün ərzində ərizəçiyə məlumat
verilir. Ərizəçinin xüsusi tənzimləmə rejimində iştirakına razılıq
verildikdə, onunla AMB arasında 20 gün ərzində müqavilə
bağlanılacaq.

Müqavilə bağlanarkən sınaq müddəti 12 aydan çox ola bilməz.
Sınaq müddəti bitməsinə 1 ay qalmış 6 aydan çox olmayan müddətə
uzadıla və yaxud dəyişiklik edilə bilər. Müddətin bu cür uzadılması
5 ildən çox ola bilməz və sınaq rejimində ən azı 6 ay fəaliyyət
göstərmiş iştirakçılara şamil ediləcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə
təqdim edilməsi tapşırılıb.