Bakı. Trend:
ABŞ Dövlət katibi Antoni Blinken Konqresə İsrailin Qəzza
zolağında əməliyyatlarını tənqid edən hesabat təqdim edəcək.
Trend bu barədə “Axios” portalına istinadən xəbər verir.
Məlumata görə, məruzə 2023-cü il 7 oktyabrda HƏMAS-ın İsrailə
hücumdan sonra Dövlət Departamentində ən sərt daxili debatlara
səbəb olub. ABŞ-nin İsraildəki səfiri Cek Lyu və dövlət katibinin
Yaxın Şərqdəki humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Devid
Satterfild Blinkenə İsrailin humanitar yardım göstərilməsinə mane
olmadığını təsdiqləməyi tövsiyə ediblər.
“İsrailin beynəlxalq humanitar hüququ pozduğu və ya ABŞ-nin
dəstəyi ilə göstərilən humanitar yardımın çatdırılmasına mane
olduğu müəyyən edilərsə, bu bütün ABŞ hərbi yardımının
dayandırılmasına səbəb ola bilər.
ABŞ prezidenti Co Bayden Rəfahda yerüstü hücum davam edəcəyi
halda, Vaşinqtonun bəzi növ silahların tədarükünü dayandıracağı
barədə İsrailə xəbərdarlıq edib”, – KİV yazıb.
Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi
barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru
hücumu başladacağına dair məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa
çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat
Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.





























