Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qazaxıstana
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 51,8 faiz azalaraq, 33,6 milyon dollara bərabər
olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə Qazaxıstana 8,9 milyon dollar
məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən
ilin aprel ayı ilə müqayisədə 43,1 faiz azdır” – deyə nazirlikdən
bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel
ayı ilə müqayisədə 2,1 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024)
Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi
məhsulları ixrac edib.





























